Funksionallıq və gözəllik: interyer dizaynında incə səth
İsti və funksional bir yaşayış məkanı yaratmaq, insanların ruh halına dərindən təsir edən bir incəsənətdir. Yaşadığımız evin funksional olmaqla yanaşı, həyat tərzlərimizə uyğun olmasını, bizi yansıtmasını və təbii ki, göz oxşamasını istəyirik. Təmir zamanı bir çoxumuzun qarşılaşdığı dillemma məhz elə bu olur. Praktik yoxsa estetik qərarlar vermək ? Kompromis etmədən yaşayış məkanınızdan maksimal dərəcədə zövq ala bilməyiniz üçün beş əsas məsləhət təqdim edirik. Bu məsləhətlər sayəsində eviniz sizi əks etdirən və ehtiyaclarınıza cavab verən bir sığınacağa çevirələcəkdir.
İlk öncə, təbii işıqdan düzgün yararlanmaq haqqında düşünün. İstənilən otağın ab-havasını tamamilə dəyişə bilməsi ilə yanaşı, təbii işıq, ruh halını yüksəldir və məkanda genişlik hissi yaradır. Bu qiymətli resursdan maksimum yararlanmaq üçün gün işığının içəri axmasına imkan tanıyan şəffaf pərdələr seçin. Pəncərələrin qarşısında güzgülər yerləşdirmək barəsində düşünün. Bu sadə üsul işığı əks etdirərək məkanda dərinlik və genişlik hissi yaradacaqdır. Pəncərənin önündə işığın önünü tutacaq əşyaları,mebelləri yığışdıraraq da gün işığının sərbəst axmasına imkan yarada bilərsiz. Beləliklə, həm gözəllik, həm də genişlik hissi əldə etmiş olursunuz.
İşıqdan yararlandıqdan sonra rəng və teksturaların uyğunluğundan otağınızda fərqli ab-hava yarada bilərsiniz. Düşünülmüş bir rəng palitrası tutarlı bir görünüş yaradır, müxtəlif teksturalar isə istilik və dinamika qatır. Nümunə olaraq, təbii daşların sərtliyini, yumşaq parçalar, yastıqlarla, axıcı parçalar ilə tamamlamaq mümkündür. Birdən çox materialdan ibarət mebelleri bir-biri ilə uyğunlarşdırmaq da əlverişli olacaqdır. Əgər fərqli materialları istifadə edərək risk etmək istərmirsinizsə, o zaman eyni materiallın fərqli rənglərini istifadə edə bilərsiniz. Həmin rəng palitrasını detallarda təkrarladığınız təqdirdə otaqda bir vəhdət yaranmış olacaq.Ən çox istifadə olunan səthləri daha praktik materiallardan seçməyə diqqət edin. Daha kaprisli materiallara isə konsol, yastıq və bu kimi interyer elementlərində üstünlük verin. Dekor elementləri sizi yorduqda və yaxud zədələndikdə onları asanlıqla dəyişə biləcəksiniz.
Rənglərə gəldikdə isə neytral bir təməl ilə başlamaq işinizi bir xeyli asanlaşdıracaq; bu, sakitləşdirici bir mühit yaradır və dekor elementləri rahatlıqla ekspirement edə bilmənizi mümkün edir. Dekorativ əşyalar, yastıqlar, sənət əsərləri və ya xalçalar vasitəsilə vurğu rəngləri əlavə edin. Seçdiyiniz tonlar arzuladığınız ruh halını əks etdirsin—yumşaq mavi tonlar üçün sakitlik, parlaq sarı tonlar üçün enerji, daima aktual olması üçün isə təbii tonlara üstünlük verə bilərsiniz. Nəticə fərqli teksturalardan ibarət unikal bir interyer olacaqdır.
Təbii ki, bütün yaratdığınız gözəllik funksionallığın qarşısını almamalıdır. Bunun da təməli yaxşı planlanmış bir düzülüşdür. Daha axıcı bir yaşayış məkanı yaratmaq üçün, müxtəlif fəaliyyət zonaları—oxuma, işləmə və sosiallaşma üçün fərqli zonalar yaradın. Bu zonaları effektiv şəkildə ayırmaq üçün xalçalar və ya mebel düzülmələrindən istifadə edin. Mebel seçərkən, saxlama imkanı olan bir kofe masası və ya qonaqlar üçün divan yatağı kimi çoxfunksiyalı parçalara üstünlük verə bilərsiniz. Üstəlik, mebel parçaları arasında aydın keçid yolları yaradın ki, hərəkət etmək asan olsun, söhbət, sosiallaşma və baryersiz hərəkəti təşviq edən bir düzülüşü təmin etsin.
Yaşayış mühitinizi yaşıl bitkilərlə zənginləşdirmək hər iki məqsədimizə qulluq edir. Bitkilər yalnız məkanınızı gözəlləşdirmir, həm də havanı təmizləyir və ruh halınızı yüksəldir. Bitkilərin qulluğu sizə qəliz gəlirsə, asan qulluq edilə bilən növləri seçə bilərsiniz. Məsələn, ilan bitkisi və ya pothos kimi bitkilər müxtəlif şəraitlərdə inkişaf edə bilir. Həmçinin, pəncərə önlərinə kiçik bitkilər yerləşdirmək, həm estetik gözəllik, həm də təbiət hissi qatır.
Yaşayış məkanınızda funksonallıq və estetika arasında balansı tapmaq heç də asan iş deyil, amma olduqca maraqlıdır. Təbii işıq, rəng və teksturalar,əşya düzülüşü, bitkilər və dekor sizin alətlərinizdir. Bu alətləri mahircə istifadə edəcəyinizə əminik. Prosesdən və nəticədən zövq almağı unutmayın!