İnteryerdə Rəng Psixologiyası

Ana səhifəXəbərlər İnteryerdə Rəng Psixologiyası

Rəng, duyğularımızı və təcrübələrimizi formalaşdırmaqda güclü bir rol oynayır, bu da onu dizaynda ve memarlıqda vacib bir element halına gətirir. Rəng psixologiyasını anlamaq və onu ustalıqla evinizə inteqrasiya etmək isə həyəcanverici və qeyr-adi bir prosesdir. Rənglər fərqli hissləri oyadaraq əhvalımıza təsir edə bilir. Bizimlə rənglərin sehrini kəşf edin ki,  onları öz lehinizə istifadə edəsiniz.

Mavi: interyerde sıx-sıx rastlaşdığımız rəng olmasa da, mavi sakitlik rəngi hesab edilir. Səmanın, sonsuz ümmanın rəngi olan mavi əbədilik və hüzuru tərənnüm edir. Bu rəngi hamam və yataq otaqları üçün nəzərdən keçirə bilərsiniz.  Açıq tonları isə digər qəhvəyi, narıncı, sarı kimi rənglərlə ahəngin yaradılması üçün idealdır.

Sarı: Xoşbəxtlik və canlanma gətirən sarı, mətbəx və ya oturma sahəsinə istilik qata bilər.  Günəş enerjisini bizə anımsadan sarı canlılıq və dinamiklik rəmzidir. Lakin sarı eləcə də stresslə assosiasiya edilir. Buna görə, az miqdarda istifadə olunması  və təbii materiallar ilə balanslaşdırılması tövsiyə edilir.

Yaşıl: Təbiəti simvolizə edən yaşıl, tarazlıq və yenilənməni rəmz edir. Ev ofisləri, istrahət zonaları kimi məkanlar üçün ideal hesab edilir. Yaşılın bir çox tonu son illər ərzində interyer dizayn trendlərindən düşmür və rahatlıqla fərqli rənglər ilə uyğunlaşır.

Qırmızı: Qətiyyətli və stimullaşdırıcı bir rəng olan qırmızı, hər bir məkanı canlandırır. Söhbət və iştahı təşviq etmək məqsədi ilə yemək otaqları üçün mükəmməldir, lakin böyük dozada istifadəsi çox yorucu ola bilər. Bu səbəblə qırmızını aksent əşyalarında istifadə etməyimiz daha məqsədəuyğundur.

Neytral tonlar (ağ, boz, bej): Bu rənglər sakit bir arxa plan təqdim edir və məkanları daha geniş göstərir. Rəng istifadəsində ehtiyat edirsinizsə, fon rəngi olaraq neytralları seçin. Yanılmazsınız.

Eviniz üçün rəng palitrası seçərkən, hər bir otaqda yaratmaq istədiyiniz əhvalı düşünün. Bir əsas rəng seçərək başlayın, sonra aksentlər üçün tamamlayıcı və ya ziddiyyətli rənglər əlavə edin. Rəng nümunələrini divarlarınıza tətbiq edərək, onların günün fərqli saatlarında necə göründüyünü yoxlayın. Rəngin uzun müddət sizin ruh halınıza təsir göstərəcəyini nəzərə alın ki, qısa müddətdə ondan yorğunluq hissi duymayasınız.

Back to top